Yaşayış yeri üzrə qeydiyyat

YAŞAYIŞ YERİ ÜZRƏ QEYDİYYAT HAQQINDA
RESPUBLİKAÇI ALTERNATİV (REAL) PARTİYASININ
SİYSƏT SƏNƏDİ VƏ QANUN LAYİHƏLƏRİ

Mətbuatda yayılan xəbərlər, eləcə də partiyamıza gələn fərdi müraciətlər göstərir ki, son aylarda vətəndaşların yaşayış yeri üzrə qeydiyyatı ilə bağlı hökumət öz siyasətini gözlənilmədən dəyişmişdir.

Bunadək, yaşayış yeri üzrə qeydiyyat qanunvericiliyi onsuz da tənzimləmə keyfiyyətlərini əsasən itirmişdi. Sözügedən siyasət dəyişikliyi isə indiyə qədər mövcud olmuş problemləri daha da qabartdı. Xatırladaq ki, sözügedən problem səbəbi ilə ölkədə seçmək və seçilmək haqlarının istifadəsi çətinləşdirilib, şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsi ağır prosedura çevrilib, icbari tibbi sığorta üzrə xidmətlərin istifadəsində sistemi qismən iflic edən əngəllər yaranıb və s.

Partiyamız alternativ siyasət ortaya qoyaraq, hazırkı sənədində bu problemləri təhlil edir və çözüm yollarını göstərir.

Giriş

Şəxsin yaşayış yeri üzrə qeydiyyat məsələləri Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunu ilə tənzimlənir. Qanun 1996-cı ildə qəbul edilmişdir. Sonradan ona bir neçə əlavə və düzəlişlər edilib. Lakin qəbulundan sonrakı dövrdə Azərbaycanda güclənən şəhərləşmənin yaratdığı problemləri o, çevik və vaxtında həll edə bilməmişdir.

Məsələn, qanuna əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərə kütləvi köçən rayon və kənd əhalisinin, eləcə də bu şəhərlər ətrafında salınan yeni yaşayış massivlərinə indi ya da nə zamansa keçmişdə köçən şəxslərin qeydiyyatında böyük çətinliklər yarandığı müşahidə edilir, çünki bu cür yaşayış sahələri qanunvericiliyin tələblərinə uyğun tikilmədiyindən dövlət orqanları mövcud vəziyyət üzərində sistemli korrupsiya mexanizmi qurublar.

Mətbuat yazılarından və mütəxəssis açıqlamalarından belə qənaətə gəlmək olar ki, Bakı şəhəri və Abşeron yarımadasında təqribən 2 milyona yaxın insan qeydiyyatsız yaşayır(1). Qarabağ müharibəsi nəticəsində yaşadıqları ərazilərdən məcburi köçkün düşmüş şəxslərin qeydiyyatının faktiki yaşadıqları deyil, müharibədən əvvəl yaşadıqları yer üzrə aparılması da bu şəhərlərə aid rəsmi rəqəmlərin həqiqəti əks etdirmədiyini göstərir.

Sürətli şəhərləşmə şəraitində sözügedən qanuna və əlaqəli aktlara dəyişikliyin edilməməsi yaşayış yeri üzrə qeydiyyatla bağlı aşağıdakılara səbəb olub:

i) Yaşayış yeri üzrə qeydiyyata alınmada çətinliklər;
ii) Seçmək və seçilmək haqqının istifadəsində çətinliklər;
iii) Seçki dairələrinin sərhədlənməsinə qeyri-sağlam təsir;
iv) Şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsində çətinlikər;
v) İcbari tibbi sığorta üzrə xidmətlərdən istifadədə çətinliklər;
vi) Vətəndaşların dövlət orqanları ilə əlaqəsində çətinliklər;
vii) Qanunsuz tikililər.

I. Yaşayış yeri üzrə qeydiyyata alınmada çətinliklər

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna əsasən Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri üzrə qeydiyyata alınması zamanı ondan yaşayış sahəsinə köçmək üçün əsas verən aşağıdakı sənədlərdən biri tələb edilir(2):

1. mülkiyyət haqqının dövlət qeydiyyatına alındığını göstərən dövlət reyestrindən Çıxarış;
2. mənzil sahəsinə aid order;
3. icarə/kirayə müqaviləsi;
4. vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi;
5. qanunvericilikdə nəzərdə tutulmuş başqa sənədlər.

Beş bənddən hər birinin real həyatda tətbiqi zamanı problemlər yaşanır.

Birinci bənd. Mütəxəssislərin dediyinə əsasən, ölkə üzrə təqribən 600-ə yaxın sənədsiz bina, 400 mindən artıq sənədsiz həyət evi, o cümlədən, 30 mindən çox sənədsiz mənzil var(3). Əgər vətəndaş sənədləri qaydasında olan evini satıb belə yerlərdən birinə köçsə çıxarışı təqdim edə bilməyəcək. Əgər belə yaşayış sahəsi ünvanlaşdırılıbsa, şəxs həmin ünvana qeydiyyata düşmək üçün polisə müraciət edir, amma həmin ünvanın reyesterdən çıxarışı olmadığını əsas kimi göstərən imtina cavabı alır. Qərardan məhkəməyə şikayət etməklə göstərilən ünvana qeydiyyata düşmək mümkün olur. Bu proses təqribən 3-4 ay çəkir.

Sonradan başqa ailə üzvünün həmin ünvana qeydiyyata alınmasında da problemlər yaşanır. “Vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” və ya ərizələri olduğu halda polis onları da qeydiyyata almaqdan imtina edir və prosesi məhkəməyə şikayət etməklə təkrarlayıb müsbət nəticə əldə etmək mümkün olur.

İkinci bənd. Mənzil sahəsinin orderləri 1 oktyabr 2009-cu il tarixindən sonra mənzil qanunvericiliyinin tələblərinə zidd hesab olunmuşdur deyə, özəlləşdirmə üçün əsas kimi qəbul edilmir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüquqları olduğundan, orderlə olan mənzil sahələri artıq özəlləşdirilib.

Üçüncü bənd. Belə müqavilələrə DİN tərəfindən notarial təsdiq tələbinin irəli sürülməsi, ödənilməli verginin yüksəkliyi nəticəsində tərəflər icarə/kirayə müqaviləsi bağlamaqda maraqlı deyillər, şifahi razılaşmaya üstünlük verirlər. Vətəndaşlar arasında yayılmış əsassız qorxulardan biri də o ki, kiminsə icarə/kirayə müqaviləsi əsasında ünvana qeydiyyata düşməsi ona bu mülkiyyət üzərində hər hansı hüquqi sərəncam vermək haqqı qazandırır.

Dördüncü bənd. Çıxarış olmadan ünvanlaşdırılmış bir çox yaşayış sahəsində nə vaxtsa qeydiyyata artıq alınan şəxs öz ailə üzvünün və ya başqa şəxsin eyni yerə qeydiyyata düşməsi üçün icazə verən ərizə yazsa da, belə ərizəni təqdim edənə polis əksər hallarda imtina cavabı verir. Ancaq məhkəmə qaydasından sonra iş həllini tapır. Məhkəmələrdə bu vəziyyətlə bağlı qərarlarının böyük sayda olmasına baxmayaraq təcrübə dəyişmir. Bu isə, qeydiyyatın sürəti məsələsində korrupsiya üçün geniş meydan yaradır.

Beşinci bənd. “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd”lərin dairəsi aydın deyil və bu sənədlərin nədən ibarət olması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnamədə də göstərilməyib.

II. Seçmək və seçilmək haqqının istifadəsində çətinliklər

Konstitusiyamıza əsasən, Respublika vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək haqqı var. Seçki Məcəlləsinə uyğun olaraq aktiv seçki hüququna malik olan bütün vətəndaşlar seçici siyahılarına daxil edilir.

Vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün onun yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması faktı əsas götürülür(4). «Daimi» o deməkdir ki, seçkinin elan edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayını şəxs seçki məntəqəsinin ərazisində yaşamalıdır. Amma qeydiyyatla əlaqədar yuxarıda göstərilən problemlərə görə seçki dairəsinin ərazisində çoxdan yaşayan yüz minlərlə vətəndaş həmin dairədə seçici olaraq qeydiyyata alınmır.

Seçici siyahıları yenilənərək ümumi tanışlıq üçün ictimaiyyətə təqdim edildikdən sonra seçki məntəqəsinin ərazisində məskunlaşan lakin hər hansı səbəbdən siyahılara daxil edilməyən seçici şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədi, zərurət olduqda isə həmçinin həmin seçki məntəqəsi ərazisində daha çox yaşamasını təsdiq edən sənədləri seçki komissiyasına təqdim edir. Seçki Məcəlləsinə görə, bunun əsasında o, seçici siyahılarına əlavə edilir(5).

Seçki məntəqəsi ərazisində daha çox yaşamasını təsdiq edən sənədlərin siyahısı Məcəllədə göstərilməyib. Bu çətinlik vətəndaşların faktiki yaşadıqları yerlərdə təmsilçilik haqqından demək olar məhrum edir. Eyni zamanda, dairə ərazisində uzun müddət yaşamayan seçicilərin adından saxta “səs” verilməsi işi asanlaşır deyə geniş yayılıb.

Seçicilərin qeydiyyatı ilə bağlı olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) 9 fevral 2020 tarixində keçirilən növbədənkənar parlament seçkilərinin Seçki Müşahidə Missiyasının Yekun Hesabatında göstərmişdir ki, 15 yanvar tarixinə qeydə alınmış seçicilərin sayı 5 238 000 nəfər idi ki, onların da 340 689 nəfəri məcburi köçkündür(6).

Həmin tarixdən etibarən səsvermə gününün sonuna qədər məntəqə seçki komissiyası seçicinin məntəqə ərazisində yaşadığını təsdiqləyib onun adını seçici siyahısına əlavə edilə bilər. Nəticədə, 9 fevralda seçicilərin rəsmi sayı 157 015 nəfər, yəni 2,3% artaraq 5 395 015 nəfərə çatmışdır.

Maraqlısı odur ki, bunlardan səsvermə günü seçici siyahılarına 32 147 nəfər əlavə edilmişdi, bu isə Avropa Şurasının standartlarına ziddir: Avropa Şurasının Venesiya Komissiyasının 2002-ci ildə qəbul etdiyi Seçki Məsələləri üzrə Yaxşı Təcrübələr Məcəlləsinin 1.2 (iv) bəndi tövsiyə edir ki, “Qeydiyyatdan keçməyən seçicinin qeydiyyata alınması üçün məhkəmə nəzarəti və ya məhkəmə proseduru ilə təsdiqlənən inzibati prosedur olmalıdır; qeydiyyat, seçki günü seçki məntəqəsində həyata keçirilməməlidir.”

MSK-da qeydə alınmış seçicilərin sayı ilə Dövlət Statistika Komitəsinin göstərdiyi səsvermə yaşına çatmış vətəndaşların sayı arasında 2 (2022-ci ilin mayından etbarən isə 1) milyon nəfərlik fərq də əsasən yaşayış yeri üzrə qeydiyyat məsələsindəki hüquqi boşluq və xaosdan irəli gəlir.

Pozulan təkcə parlament və prezident seçkilərində səs vermək haqqı deyil. Qeydiyyat sahəsindəki ciddi problemlər bələdiyyə seçkisində vətəndaşların həm də seçilmək haqqını əlindən alır, çünki onlar seçilmək istədikləri bələdiyyənin ərazisində rəsmi qeydiyyatda durmalıdırlar. Beləliklə, yüz minlərlə insanın həm də seçilmək haqqı pozulur. Əhalisi son illərdə sürətlə artmış bəzi şəhər və qəsəbələrdə bu xüsusilə ciddi problemdir.

III. Seçki dairələrinin sərhədlənməsinə qeyri-sağlam təsir

Respublikamızın ərazi vahidlərində daimi yaşadığı üçün qeydə alınmış seçicilərin sayı haqqında məlumat yerli icra və bələdiyyə orqanları tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim olunandan sonra MSK bu say əsasında bütün ölkə ərazisini 125 təxminən bərabər (±5-10%) seçici saylı dairələrə bölür və hər 5 ildən bir onların sərhədlərini dəqiqləşdirir(7). Bununla belə, 2020-ci il seçkilərində seçki dairələrinin yarısından çoxunda bərabərlikdən yayınma 5-10 faizdən daha çox olmuşdu(8).

IV. Şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsində çətinlikər

Şəxsiyyət vəsiqəsi almadan vətəndaşlar öz təməl haqlarının bir çoxundan ya prinsipcə istifadə edə bilməzlər, ya da bu istifadə çox çətinləşər.

Vətəndaşın yaşayış ünvanı olmadıqda onun yaşadığı rayonun polis idarəsinin ünvanında qeydiyyata alınması təcrübəsi indiyədək geniş yayılmışdı. Amma son aylarda mediada gedən xəbərlərdən və partiyamıza edilən müraciətlərdən görüldüyü kimi, bir çox şəxsin polis idarələrinin ünvanlarında qeydiyyatını polis ləğv etmiş və bu şəxslərin şəxsiyyət vəsiqələri deaktiv olunmuşdur(9).

Daxili İşlər Nazirliyinin rəsmisi mətbuata açıqlamasında görülən bu tədbirin boşanma, hərbi səfərbərlik və ya digər məsələlərlə bağlı olduğunu, polisdə müvəqqəti qeydiyyatda olan adamları lazım olanda tapmaq çətinliyi yarandığını və görülən tədbirlərin də məqsədi bu cür halların qarşısının alınması üçün olduğunu bildirmişdir.

Bu kütləvi ləğvetmə ictimaiyyətə öncədən elan edilməmişdi. Hüquqi əsasları da kövrəkdir. Polisin bu yeniliyi həm «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsinə, həm də «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il qərarına ziddir.

Konstitusiya Məhkəməsinin o qərarına əsasən, vəsiqədə vətəndaş haqqında məlumatların sırasında “yaşayış yeri” bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə səbəb ola bilməz. Qərar yaşayış yeri olmayan vətəndaşların xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirə salınmadan təşkil edilməli olduğunu tələb edir(10).

Polis idarələrində qeydiyyat təcrübəsi bu qərarın icrası anlamına bir qədər yaxın idi, amma bu təcrübədən imtina ediləndən sonra məsələ yenə havada qaldı. Bu vəziyyətin vətəndaşlar üçün yaratdığı gündəlik problemlərdən başqa, həm də seçici siyahılarının idarə olunmasında və namizədlərin qeydiyyatında əlavə çətinliklər yaranır.

V. İcbari tibbi sığorta üzrə xidmətlərdən istifadədə çətinliklər

Nazirlər Kabinetinin təsdiq elədiyi “Sığortaolunanların ilkin tibbi-sanitariya yardımı üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”na əsasən, tibb müəssisəsinə təhkimolunma və ailə həkiminin seçimi sığortaolunanın yaşadığı ərazi üzrə fəaliyyət göstərən tibb müəssisəsinə kağız üzərində və ya elektron formada təqdim etdiyi ərizəsi əsasında aparılır. Başqa sözlə, söhbət yuxarıda qeyd olunan qeydiyyatdan gedir. Sığortaolunanın yaşadığı ərazinin hüdudlarından kənarda fəaliyyət göstərən tibb müəssisəsinə müraciət etməsi təhkim olunma barədə imtinaya əsas verir(11). Beləliklə, yaşayış yeri üzrə qeydiyyatı olmayan vətəndaş icbari tibbi sığortadan da məhrum edilir. Bu isə Konstitusiyada təsbit olunmuş vətəndaşların dövlət qarşısında bərabərliyini pozur.

VI. Vətəndaşların dövlət orqanları ilə əlaqəsində çətinliklər

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun özünün birinci maddəsində məqsədini belə elan edir: Respublikada yaşayan şəxslərin uçotu, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq. Orada həmçinin göstərilir ki, qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

Elan edilən bu məqsəd və prinsiplərə baxmayaraq, qeydiyyatla bağlı problemin indiyədək həll edilməməsi nəticəsində hərbi xidmətə çağırış, sosial müdafiə, pensiya təminatı, məhkəmə qərarlarının icrası, poçt xidmətləri və s. kimi çox əhəmiyyətli sahələrdə qeydiyyat faktiki olaraq icazəyə çevirmişdir və dövlətlə vətəndaş arasında rabitəni pozur. Əlavə bir misal: “Sosial müavinətlər haqqında” Qanuna əsasən, sosial müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Qeydiyyat yoxdursa, müavinət də xeyli əngəllənir, zaman aparır və son nəticədə ehtiyaclı vətəndaşa heç gedib çatmaya bilər.

VII. Qanunsuz tikililər

Qanunvericiliklə nəzərdə tutulan prosedur qaydalarına əməl edilmədən tikilən yaşayış evlərinin mövcudluğu yaşayış yeri üzrə qeydiyyatla bağlı problemin davam etməsinin əsas səbəblərindən biridir.

Nədir o prosedur qaydaları? Mənzil Məcəlləsində “yaşayış sahəsi” kimi Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan  ayrıca sahə başa düşülür. “Yararlı” isə o deməkdir ki, həmin sahə sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verir.

Bu formal meyarlara cavab verməsə də, yüz minlərlə ev fakt olaraq yaşayış sahəsi kimi istifadə edilir, kommunal xidmətlərə görə qanunla müəyyən olunan tariflərlə, müqavilə əsasında ödənişlər edir. Etmədiyi təqdirdə hətta məsuliyyət daşıyır.

HƏLL YOLLARI

1. İndiyədək inşa edilmiş qanunsuz tikililər təxirə salınmadan rəsmi ünvanla təmin edilməli və həmin ünvanda həqiqətən yaşayan şəxslər qeydiyyata dərhal salınmalıdır;

2. Ünvan almış amma daşınmaz əmlak kimi dövlət reyestrinə hələ daxil edilməmiş evlərə gəldikdə isə, burada artıq qeydiyyata alınan şəxslərin hər birinin ümumi razılıq ərizəsi əsasında başqa şəxs yaşayış yeri üzrə qeydə alınmalıdır və ondan çıxarış kimi sənədlər tələb edilməməlidir;

3a. İcarə/kirayə müqaviləsi əsasında yaşayış yeri üzrə şəxsin yaşayış yerində qeydiyyata alınması üçün bu müqavilələr üzrə prosedur qaydaları asanlaşdırılmalı və yaşayış sahəsinin kirayə verilməsi müqaviləsi üzrə ödənilməli olan vergilərin faizləri aşağı salınmalıdır.

3b. İcarə/kirayə notariat qaydasında təsdiq olunanda tələb olunmalıdır ki, bu müqavilənin Respublika qanunlarına əsasən icarəçiyə/kirayəçiyə heç bir mülkiyyət haqları yaratmadığı haqda standart müddəa razılaşmanın mətninə daxil edilsin.

3c. İcarə/kirayə müqaviləsi əsasında yaşayış yerində qeydiyyata alınmış şəxsin qeydiyyat müddəti tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilməlidir və müqavilə qüvvədən düşdüyü müddətlə məhdudlaşdırılmalıdır.

PROBLEMİN HƏLLİ ÜÇÜN ƏLAVƏ VƏ DƏYİŞKİLİK EDİLMƏLİ QANUNLAR

1. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: https://e-qanun.az/framework/3988
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu: http://www.e-qanun.az/framework/252 
3. Mənzil Məcəlləsi http://e-qanun.az/framework/46955
4. Vergi məcəlləsi https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi

* * * * *

İSTİNADLAR

  1. Bakıda əhali sıxlığı: paytaxt ağır “yük” altında/Yeni Müsavat, 2018.
  2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu, 1996.
  3. Qeydiyyatsız evlər niyə sənədləşdirilmir?/ Modern.az, 2011.
  4. Azərbaycan Respublikası Seçki Məcəlləsi/ Maddə 47, tarixsiz.
  5. Azərbaycan Respublikası Seçki Məcəlləsi/ Maddə 47, tarixsiz.
  6. https://www.osce.org/files/f/documents/6/8/445774_1.pdf, səhifə 9.
  7. Azərbaycan Respublikasının Seçki Məcəlləsi/ Maddə 29, tarixsiz
  8. https://www.osce.org/files/f/documents/6/8/445774_1.pdf, səhifə 5.
  9. “DİN vətəndaşların müvəqqəti qeydiyyatını niyə ləğv edir?”/Toplum.tv, 2022.
  10. 31 yanvar 2003-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı , 2003.
  11. “Sığortaolunanların ilkin tibbi-sanitariya yardımı üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2020.
     

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”
Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər layihəsi
(Əlavələrin altından, çıxarılmalı cümlələrin üstündən xətt çəkilib)

5. (birinci abzasdan sonra əlavə edilməli abzas) Şəxsin yaşayış sahəsində yaşayan şəxs kimi qeydiyyata alınması onda mülkiyyətə sahiblik və sərəncam vermə hüquqlarının əmələ gəlməsinə sübut verici əsas kimi istifadə etməsinə əsas yaratmır.

5.2. yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın dövlət reyesterindən çıxarışı olmadığı hallarda müvafiq ünvanda yaşamasına dair yerli icra nümayəndəliyi və ya bələdiyyə qurumundan arayış, order, mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsini təsdiq edən qərar, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

8.3. şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə

10. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.

Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün onlayn formada ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir.

Müdiriyyət ərizə-anketi 24 saat ərzində onlayn formada müvafiq dövlət orqanına təqdim edir.

Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) onlayn formada ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.

Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.

Vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında onlayn ərizə-anketin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər layihəsi
(Əlavələrin altından, çıxarılmalı cümlələrin üstündən xətt çəkilib)

2. c) daşınmaz əmlakın dövlət reyesterindən çıxarışı olmadığı hallarda müvafiq ünvanda yaşamasına dair yerli icra nümayəndəliyi və ya bələdiyyə qurumundan arayış;

v) yaşayış sahəsinə köçmək üçün əsas verən order, mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsini təsdiq edən qərar və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd;

9. v) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə;

11. Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və ya digər belə ictimai yerlərə gələn vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında onlayn ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) dolduraraq həmin yerin müdiriyyətinə verir. Müdiriyyət isə öz növbəsində həmin tərəfindən həyata keçirilir və onlayn ərizə-anketi 24 saat ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edir onlayn qaydada göndərilir. Müvafiq icra hakimiyyəti orqanı əlavə heç bir sənəd tələb etmədən həmin vətəndaşın qeydiyyatını aparır.

12. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanına məsul əməkdaşına aşağıdakı sənədləri təqdim etməlidir:
şəxsiyyət vəsiqəsi;
vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında onlayn qaydada ərizə-anketlə müraciət etməlidir (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir).
 

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi
(Əlavələrin altından, çıxarılmalı cümlələrin üstündən xətt çəkilib)

12.2.  Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.
 

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi
(Əlavələrin altından, çıxarılmalı cümlələrin üstündən xətt çəkilib)

124.1. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 2 faiz dərəcə ilə vergi tutulur.

İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 2 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.