Şəffaflıq: şirkət və daşınmaz əmlak sahibləri

Kommersiya qurumlarının və daşınmaz əmlakın
dövlət reyestrlərinin şəffaflığı məqsədilə
Respublikaçı Alternativ (REAL) partiyasının hazırladığı

QANUN LAYİHƏLƏRİ VƏ ONLARIN ƏSASLANDIRILMASI

Azərbaycan Respublikasında hüquqi şəxs və əmlak reyestrlərinin şəffaf olmaması iqtisadi, siyasi və hüquqi baxımdan vacib problem kimi qalır. İqtisadi baxımdan problemin xüsusi əhəmiyyəti kommersiya hüquqi şəxslərinə və daşınmaz əmlaka aiddir deyə, bu sənəddə dövlət reyestrlərinin onlara aid hüquqi rejiminə baxacağıq.

I. Kommersiya hüquqi şəxslərinin dövlət reyestri

Qanunvericilik

Mülki Məcəlləyə əsasən, kommersiya hüquqi şəxslərini başqa hüquqi şəxslərdən fərqləndirən onların əsas məqsədinin mənfəət götürməkdən ibarət olmasıdır. Onların aşağıdakı təşkilati-hüquqi formaları mövcuddur: tam ortaqlıq, kommandit ortaqlığı, məhdud məsuliyyətli cəmiyyət, əlavə məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyəti (açıq və ya qapalı), kooperativ. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı, ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna əsasən, kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatını həyata keçirən və dövlət reyestrini aparan orqan Dövlət Vergi Xidmətidir. Dövlət reyestrində onlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir:

i) qurumun adı (firma); ii) qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat); iii) qurumun təşkilati-hüquqi forması; iv) maliyyə ili; v) vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; vi) qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət olduqda, təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda isə bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; vii). qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; viii) hüquqi şəxsin yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar; ix) qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat; x) qurumun ləğvetmə prosesində olması barədə məlumat; xi) məhkəmənin qərarı ilə hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar; xii) qurumun ləğv edilməsi barədə məlumat.

2012-ci il iyunun 12-dək kommersiya hüquqi şəxslərinin dövlət reyestr məlumatları tam şəkildə üçüncü şəxslərə açıq idi (o cümlədən Dövlət Vergi Xidmətinin saytında). Lakin həmin tarixdə “Kommersiya sirri haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar kommersiya sirri hesab olundu (1).

Həmin vaxt paralel olaraq “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna da eyni tipli dəyişikiliklər edildi. Nəticədə, bundan sonra, dövlət reyestrindən çıxarışlar üçüncü şəxslərə kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla verilir. Təsisçilər (iştirakçılar) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında aşağıdakilara verilir:

i) qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanlarına; ii) “Əməliyyat-axtarış fəaliyyəti haqqında” AR Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə; iii) “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyələşdirilməsinə qarşı mübarizə haqqında” AR Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada maliyyə monitorinqi orqanına, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə; iv) “İcra haqqında” AR Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada məcburi icra orqanına; v) “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada vəkilə; vi) “Notariat haqqında” AR Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada notariusa; vii) həmin kommersiya hüquqi şəxsin digər təsisçilərinə (iştirakçılarına); viii) təsisçilərin (iştirakçıların) vərəsələrinə; ix) barəsində dövlət reyestrindən məlumatların verilməsi tələb olunan şəxsin razılığı ilə üçüncü şəxslərə.

Bu qaydadan faktiki istisnanı AR Prezidentinin aktları ilə təsis edilən kommersiya hüquqi şəxsləri təşkil edir. Belə ki, həmin aktlarda yaradılan kommersiya hüquqi şəxsinin tam olaraq dövlətə mənsub olması birmənalı olaraq təsbit edilir. Yəni heç bir kommersiya sirri də mövcud olmur.

Beynəlxalq təcrübə

Dünyada, kommersiya hüquqi şəxslərinin iştirakçıları və onlara məxsus pay haqqında məlumat, bir qayda olaraq, ofşor zonalarda məxfidir. Ölkələrin mütləq əksəriyyətində bu məlumat üçüncü şəxslər üçün açıqdır. Yalnız bəzi məlumat və sənədlərin (o cümlədən maliyyə hesabatlarının) verilməsi hərdən ödənişlidir (məsələn, Almaniya, Avstiya, Böyük Britaniya, Niderland, Fransa, Latviyada və s.).

Bəzi ölkələrdə isə kommersiya hüquqi şəxslərinin nəinki iştirakçıları, hətta sonuncu benefisiarları (yəni şirkətlərin sonuncu, həqiqi sahibləri, benefisiar mülkiyyətçilər) haqda məlumat da açıqdır. Burada Avropa Birliyi xüsusi yer tutur. Belə ki, 20 may 2015-ci ildə Avropa İttifaqı çirkli pulların yuyulmasına (o cümlədən terrorçuluğun maliyyələşdirilməsi, vergi cinayətləri) qarşı Dördüncü Direktivini (Fourth EU Anti-Money Laundering Directive) qəbul etmişdir. Direktivin tələbinə görə, Avropa Birliyinin üzv ölkələri kommersiya hüquqi şəxslərinin sonuncu benefisiarları haqda mərkəzləşdirilmiş reyestrə malik olmalıdırlar. Həmin reyestrlər dövlət qurumları və qanuni marağı olan şəxslər üçün açıq olmalıdır.

“Sonuncu benefisiar” dedikdə Direktiv şirkətə birbaşa və ya dolayısı nəzarət edən fiziki şəxsləri nəzərdə tutur. Bu meyar əsasına benefisiar mülkiyyətçini müəyyən etmək mümkün olmadıqda (məsələn, şirkətin çox saylı xırda sahibləri olduğu halda), şirkətdə ali rəhbər vəzifəni (bir qayda olaraq, direktor) tutan şəxs benefisiar mülkiyyətçi hesab olunur.

Dünyadakı reyestrləri dörd növə bölmək olar: i) Qapalı: məlumat üçüncü şəxslər üçün açıq deyil (məsələn, Sinqapur); ii) Şərti olaraq qapalı: müəyyən hallarda məlumat üçüncü şəxslərə açıqlanır (Honkonq); iii) Şərti olaraq açıq: məlumat istifadəçinin müvafiq internet portalında qeydiyyatı şərti ilə ona açıqlanır (Niderland); iv) Açıq: internet portalında hər kəs tanış ola bilər (Böyük Britaniya, Fransa, Lükskemburq).

Reyestr tam açıq olduğu halda ölkə daxilindəki sonuncu benefisiarı müəyyən etmək çətin deyil. Məsələn, Çində reyestrin açıqlığı buna tam imkan verir.

Çözüləsi problemlər

Mahiyyət etibarilə, hüquqi şəxs institutu hüquqi fiksiyadır. İnsan fiziki olaraq mövcuddur, digər subyektlər isə fiziki mövcud deyildirlər, yalnız qanun (hüquq) məqsədləri üçün belə adlandırılırlar. Hər bir hüquqi şəxsin faktiki sahibi ya hansısa fiziki şəxs, ya da dövlətdir. Təbii, dövlət olduqda belə, sonuncu benefisiar ölkə və ya bələdiyyə əhalisi, yəni fiziki şəxslərdir.

Bir qayda olaraq, hüquqi şəxs öhdəliklərinə görə öz əmlakı ilə cavabdehdir və  iştirakçıları onun öhdəliklərinə görə məsuliyyət daşımır. Buna Mülki Məcəllədə də öz əksini tapan (2) “korporativ qalxan” doktrinası deyilir. Hüquqi şəxslə iş qurmaq istəyən tərəflər onun iştirakçıları haqda məlumata malik olmalıdır. Əks halda yaranan məlumat assimetriyası mülki dövriyyəni çətinləşdirir, tərəflər arasında etimadı azaldır, izafi xərclərə səbəb olur və s. və i.a.

Nəhayət, belə məlumatın qapalı olması ictimai nəzarəti qeyri-mümkün edərək çirkli pulların yuyulması və korrupsiya üçün əlverişli şərait yaradır. Həmçinin dövlət satınalmalarına ictimai nəzarət də əhəmiyyətsiz olur, çünki, məsələn, eyni şəxslərə məxsus şirkətlər bir tenderdə yanlış rəqabət təəssüratı yarada bilir və s.

Məhz buna görə də ofşor zonalar istisna olmaqla dünya ölkələrinin mütləq əksəriyyətində kommersiya hüquqi şəxslərinin iştirakçıları haqda məlumat açıqdır. Yuxarıda göstərdiyimiz kimi, son illərin tendensiyası ümumiyyətlə sonuncu benefisiar haqda məlumatın da açıqlanmasına istiqamətlənib.

Göründüyü kimi, Azərbaycan qanunlarının indiki yanaşması çağdaş şəffalıq tələblərinə cavab vermir. Eyni zamanda həm hüquqi, həm də iqtiqsadi səmərə cəhətdən də məqbul deyil, çünki sərmayəçilərdə əminlik hissəsini zəiflədir, iqtisadi fəallığı azaldır, milli kapitalı lazım olduğundan artıq xərclədir, mülki dövriyyədə vicdanlılıq prinsipinə riayətdən yayınındırır.

Mövcud vəziyyət “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununun icrasında da ciddi problemlər yaradır. Belə ki, sözü gedən qanun bir sıra hallarda monitorinq iştirakçıları, o cümlədən QHT-lər tərəfindən benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görməsini tələb edir. Məlumatın qapalı olduğu şəraitdə təbii ki, bu eyniləşdirmə və verifikasiya mümkünsüzdür.

Mövcud qanunvericilik çərçivəsində yaranan problemlərdən biri də aidiyyati şəxslərlə (affiliated persons) bağlanan əqdlərdir. Belə ki, Mülki Məcəlləsinin 49-1.1.4-cü maddəsinə görə, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs də aidiyyəti şəxs anlayışına daxildir. Qanunvericilik aidiyyəti şəxslərlə əqdlərə bir sıra tələb irəli sürdüyü halda təcrübədə kommersiya hüquqi şəxslərinin iştirakçıları barədə məlumatın qapalı olması aidiyyəti şəxslər dairəsinin dəqiq müəyyən edilməsini mümkünsüz edir.

II. Daşınmaz əmlakın dövlət reyestri

Qanunvericilik

Hər yerdə olduğu kimi, bizdə də daşınmaz əmlak bu və ya digər şəkildə torpağa bağlı məfhumdur. Mülki Məcəllə dünyada qəbul olunmuş yanaşmadan bir qədər fərqli olaraq, yalnız torpağı deyil, üzərindəki obyektləri də daşınmaz əmlak hesab edir. Torpaq miqdarı məhdud olan yeganə əmlak növü olduğu üçün daşınmaz əmlak ən dəyərli aktivə çevrilir və ayrı qaydada tənzimlənir.

Mülki Məcəlləyə görə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs aparır. Reyestrdə olmayan daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna əsasən, daşınmaz əmlakın reyestrə yazılması onun üzərində hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

Daşınmaz əmlakın dövlət reyestrində əmlakın qeydiyyatının əsas funksiyası əmlaka dair hüquqların təsdiqidir. Əksi sübut edilməyənədək reyestrdəki məlumatlar mötəbər hesab olunur. Buna daşınmaz əmlakın reyestrinin həqiqiliyi və tamlığı prinsipi deyilir. Daşınmaz əmlaka olan hüquqlar mütləq xarakter daşıyır. Xüsusilə mülkiyyət hüququna dair.

Həm Mülki Məcəllədə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda “Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı” adlı maddə mövcuddur.

2006-cı il aprelin 21-dək Mülki Məcəllənin o maddəsində deyilirdi: “Daşınmaz əmlakın dövlət reyestri hamı üçün açıq olmalıdır. İstənilən maraqlı şəxs daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin yanında daşınmaz əmlakın dövlət reyestrinin onu maraqlandıran bölmələri ilə, habelə bu bölmələrə aid bütün sənədlərlə tanış ola bilər, habelə onlardan çıxarışlar verilməsini tələb edə bilər.”

2012-ci il oktyabrın 16-dək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda deyilirdi: “Daşınmaz əmlak üzərində hüquq sahibi olmayan şəxs ərizədə arayışın əldə edilməsinin məqsədini göstərməlidir.” Bu cümlədən də görünür ki, daşınmaz əmlakın dövlət reyestri üçüncü şəxslər üçün açıq idi.

Lakin həmin tarixlərdə Məcəlləyə və Qanuna dəyişiklik edildi. Bundan sonra sözü gedən məlumatlar ancaq əmlak sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, varisinə, eləcə də dövlət orqanlarına və bələdiyyələrə verilir.

Beləliklə, hər iki qanundakı “Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı” adlı maddə gerçəklikdə həmin reyestrin qapalılığına işarə edir.

Beynəlxalq təcrübə

Sərmayəçilərin cəlb edilməsinə xüsusi önəm verən ölkələrdə daşınmaz əmlakın dövlət reyestri üçüncü şəxslər üçün açıqdır, hətta bir çoxunda rəsmən internetdə də yerləşdirilib. Bəzən reyestr məlumatının alınması ödənişlidir.

Dünyada daşınmaz əmlakın dörd əsas qeydiyyat sistemi mövcuddur: fransız, ənənəvi anqlo-sakson, alman və Avstraliya mənşəli Torres sistemi. İlk iki sistemdə daşınmaz əmlaka hüququn yalnız reyestrə daxil edilməsi ilə yaranması və reyestrin həqiqiliyi prinsipinə tam riayət olunmur. Digər iki sistemlərdə isə sözügedən prinsiplər həlledici rol oynayır.

İsveçrə, Yaponiya, Türkiyə, Yunanıstan, İspaniya, keçmiş SSRİ respublikaları və s. ölkələrdə olduğu kimi, Azərbaycanda alman sistemi əsas götürülüb. Reyestrin həqiqiliyi prinsipi bu sistemdə ən ardıcıl şəkildə həyata keçirildiyi üçün onun açıqlığı da xüsusi əhəmiyyət kəsb edir.

Çözüləsi problemlər

Mülkiyyətçi siyahısının açıqlığı ölkədəki yaxşı sərməyə rejiminin şərtlərindən biri olmaqla yanaşı, bəzi haqların da qorunmasına xidmət edir. Belə ki, mülkiyyətçinin haqları bütün üçüncü şəxslər isə toxunulmazdır. Buna görə üçüncü şəxslər bu hüquqlardan hali olmalıdır. Daşınmaz əmlakın reyestrinin yenidən ictimaiyyətə açılması həm də buna xidmət edər.

Bu baxımdan daşınmaz əmlakın reyestrinin həqiqiliyi və tamamlığı həmin reyestrin açıqlığı prinsipi bir-birinə sıx bağlıdır. Lakin Mülki Məcəllə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun yalnız daşınmaz əmlakın həqiqiliyi və tamlığı prinsipini təsbit edir:

“Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.”

Halbuki, daşınmaz əmlakın həqiqiliyi və tamamlığı prinsipi açıqlıq olmadan öz əhəmiyyətinin əksər hissəsini ititrir. Çünki maraqlı şəxs – məsələn, potensial alıcı –daşınmaz əmlakın həqiqətdə kimin olduğunu müstəqil olaraq yoxlaya bilmir. Beləliklə də maraqlı şəxs aldanma təhlükəsi (məsələn, təqdim edilmiş reyestrdən çıxarış saxta ola bilər) qarşısında az müdafiəli qalır.

Bundan başqa, daşınmaz əmlakın reyestrinin qeyri-şəffaflığı ucbatından vətəndaşlar bir sıra hallarda hüquqlarını həyata keçirə və müdafiə edə bilmir. Məsələn, çoxmənzilli binada sahə mülkiyyətçiləri Mənzil Məcəlləsinin tələblərindən irəli gələrək binanı idarə etmək üçün ən azı bina və qonşuları haqda tam məlumatlı olmalıdır. Hətta qonşusundan əziyyət çəkən şəxs qonşusunun kimliyini müəyyən etmək üçün xeyli vaxt sərf etməli olur. Digər misal: evin, binanın yanında tikinti və şəhərsalma qanunvericiliyinin pozulması ilə həyata keçirilən tikintinin sahibi haqda məlumat toplamaq mümkün olmalıdır.

Nəhayət, daşınmaz əmlakın dövlət reyestrinin qapalı olması çirkli pulların yuyulması və korrupsiya üçün əlverişli şərait yaradır. Çünki ilk növbədə ictimai nəzarəti mümkünsüz edir. Ümumən ölkənin əsas daşınmaz əmlakı, yəni torpaq üzərində xalqın suveren hüququ varsa, torpaq sahələrinin kimlərə və hansı əsaslara görə mənsub olmasını bilmək də xalqın haqqıdır.

III. Yekun

Respublikamızda yuxarıda göstərilən haqların qorunması, daha səmərəli dövlət idarəetməsinin tətbiq edilməsi, xüsusilə də cəlbedici sərmaye rejiminin qurulması məqsədilə bu siyasət sənədində sözü gedən hər iki reyestrin tam şəffaf olması vacibdir. Buna görə ilk olaraq qanunvericiliyin əvvəlki müddəaları yerinə qaytarılmalıdır. Müvafiq qanun layihələri əlavə olunur.

------------------------------------------------------

1. Maraqlıdır ki, dünyada kommersiya hüquqi şəxslərində anonim iştirak yalnız səhmdar cəmiyyətlərinə xas idi. Azərbaycanda da adsız səhmlərə 2004-cü ilədək Mülki Məcəllədə yol verilirdi. Lakin 2003-cü ilin sonunda AR Mülki Məcəlləsindən müvafiq müddəalar (1077.2-ci maddə) çıxarıldı. Bununla da tam şəffaflıq tələb olundu.

2. Maddələr 43.1, 52 və s.

 *  *  *   

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUN LAYİHƏSİ

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Maddə 1. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 741; 2004, № 12, maddə 973; 2006, № 11, maddə 932; 2012, № 7, maddə 650; 2016, № 12, maddə 2004) 4.1.2-ci maddəsində  “(kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)” sözləri çıxarılsın.
Maddə 2. Bu Qanun  [t a r i x] -dən qüvvəyə minir.
 

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUN LAYİHƏSİ

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 7, maddə 1202, № 8, maddə 1369, № 11, maddə 1681, № 12, maddə 1908; 2020, № 5, maddə 515, № 7, maddələr 822, 832, 839, 843, № 12 (I kitab), maddələr 1423, 1435; 2021, № 1, maddə 8, № 4, maddə 307, № 6 (I kitab), maddələr 556, 558, № 7, maddə 711; Azərbaycan Respublikasının 2021-ci il 29 oktyabr tarixli 393-VIQD nömrəli Qanunu) 148.1-ci maddəsində “hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə” sözləri “hər kəsə” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun  [t a r i x] -dən qüvvəyə minir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUN LAYİHƏSİ

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255; 2016, № 4, maddə 645, № 6, maddə 990, № 7, maddə 1244, № 11, maddələr 1770, 1775; 2017, № 5, maddə 738, № 6, maddə 1037, № 10, maddə 1772, № 11, maddə 1954, № 12 (I kitab), maddə 2235; 2018, № 2, maddə 167, № 3, maddə 382, № 5, maddə 852; 2019, № 1, maddə 25, № 4, maddə 593; 2020, № 7, maddə 843, № 12 (I kitab), maddə 1423; 2021, № 6 (I kitab), maddə 556, № 12, maddə 1315) 5.1-ci maddəsində   «hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri” sözləri “hər kəsə yazılı və ya elektron müraciət” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun  [t a r i x] -dən qüvvəyə minir.