Giriş
Yerli icra hakimiyyəti orqanlarının yaratdığı problemlər bələdiyyə səlahiyyətləri məsələsini daha da aktuallaşdırmışdır. Respublikaçı Alternativ (REAL) Partiyasının bununla bağlı təqdim etdiyi və geniş ictimaiyyətdə rəğbətlə qəbul olunan baxış ancaq həddən artıq sadələşdirildikdə “icra hakimiyyətlərinin ləğvi və bütün səlahiyyətlərin bələdiyyələrə ötürülməsi” kimi təsvir oluna bilər.
Bütün yerli xidmətlərin müstəsna səlahiyyətlərlə bələdiyyələrə ötürülməsi “yerli əhaliyə ictimai xidmətləri ona ən yaxın orqan tərəfindən həyata keçirilməlidir” prinsipinə əsasən çox ideal bir mənzərəni verir. Ancaq bələdiyyələrin bu səlahiyyətləri həyata keçirmək qabiliyyətinə malik olması, bu islahatlarla bərabər onların maddi və insan resursları ilə təmin edilmə mexanizmləri də düşünülməlidir.
Hər hansı dəyişikliklər paketinin nəzərə alacağı amillərə daxildir: sosial-iqtisadi şərtlər, dövlətin unitar strukturu, yaşayış məntəqələrində əhalinin sıxlığı, idarə edən insanların səlahiyyət və maddi ayırmaları həzm etmə qabiliyyəti, şəhər xidmətlərinin planlaşdırılmasında meriyanın başqa dövlət qurumları ilə ahəngdar iş qurmaq bacarığı və s.
Bu Platformada təqdim olunan əhatəli yanaşmamız partiyamızın məqsədini yuxarıda qeyd edilən gerçəkliklərlə bir araya gətirmək üçündür. Məqsəd isə ictimai xidmətlərin yerli əhaliyə faydalılığını mümkün olan ən yüksək səviyyəyə çatdırmaq və yerli demokratiyanı inkişaf etdirməkdir.
I. Bələdiyyələrin və digər yerli özünüidarəetmə orqanlarının quruluş meyarları
Hal-hazırda bələdiyyələr həm də say baxımından çox olduqları üçün səmərəsizdirlər. Kənd, qəsəbə və şəhər kimi bütün yaşayış məntəqələrində və inzibati ərazi bölgüsünün bütün səviyyələrində bələdiyyənin qurulması qanunla nəzərdə tutulduğu üçün, ölkəmizdə (işğaldan azad edilən əraziləri çıxmaqla) 1706 bələdiyyə fəaliyyət göstərir.
Maliyyə qaynaqları çox zəifdir. Bələdiyyələr gəlirlərinin 55-60% öz inzibati xərclərinə yönəldir. Nəticədə yerli ictimai xidmətlərin həyata keçirilməsi üçün onlarda yetərincə vəsait qalmır.
Bələdiyyələrin sayının azaldılması üçün onların qurulması obyektiv meyar toplusu əsasında təşkil edilməlidir. Bu meyarlar arasında əhali sıxlığı, xidmətlərin effektiv və vaxtında çatdırılması imkanları və xidmət planının tərtibi zamanı əhalinin üstünlük veridiyi vəzifələri sadalamaq olar.
Bəzi ölkələrdə yaşayış məntəqələrindəki əhali sayı, məntəqələr arasındakı məsafə, habelə onlar arasındakı inzibati asılılıq kimi 3 əsas meyar birgə tətbiq edilir. Bizdə də bunu etmək aşağıdakı qaydada mümkündür:
- İnzibati: Respublika tabeçiliyində olan şəhərlərdə (Bakı, Gəncə və Sumqayıt istisna olmaqla) yalnız bir bələdiyyə fəaliyyət göstərir. Bakı və Gəncə şəhərlərinin inzibati baxımdan rayonlara bölündüyü üçün, eləcə də Sumqayıtın rayonlara bölünməsi zərurətini nəzərə alınaraq, bu 3 şəhərdə böyükşəhər bələdiyyəsi və hər rayonun öz bələdiyyəsi olur. Bu şəhərlərin qəsəbələrində bələdiyyə olmur, xidmətləri isə tabe olduqları böyükşəhər və rayon bələdiyyələri həyata keçirir.
- Sıxlıq: Əhalisi 3000 nəfərdən çox olan yaşayış məntəqələrində bələdiyyələr qurula bilər. Dövlət Statistika Komitəsinin əhali sayına görə yaşayış məntəqələrinin qruplaşdırılmasına görə ölkənin 4587 yaşayış məntəqəsindən təxminən 480-ində əhali sayı 3000-dən çoxdur.
- Məsafə: Rayonun inzibati mərkəzinin sərhədlərindən 2 km-ə qədər məsafədə olan qəsəbə və kəndlərə də yerli xidmətlər rayon mərkəzindəki bələdiyyə tərəfindən həyata keçirilir və bu cür yaşayış məntəqələri üçün ayrı bir bələdiyyə nəzərdə tutulmur. Daha uzaq məsafədə yerləşən yaşayış məntəqələrində isə əhalisi 3000-dən çox olan məntəqələr müəyyənləşir və onların bələdiyyəsi olur. Həmin məntəqələrin inzibati sərhədlərindən 2 km-ə qədər məsafədə yerləşən və əhalisi 3000-dən aşağı olan yaşayış məntəqələrinə xidmətləri bu bələdiyyələr həyata keçirir.
Yuxarıda qeyd edilən meyarlara uyğun gələn bütün yaşayış məntəqələrində qurulacaq bələdiyyələrin siyahısı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində hazırlanır və bu bələdiyyələrin əsasnamələri təsdiq olunur.
Zamanla, bu meyarlar əsasında yeni bələdiyyələr də qurmaq mümkündür. Bu, meyarlara uyğunlaşmış məntəqədə yaşayan 18+ yaşlı sakinlərin yarıdan çoxunun imzası ilə həmin məntəqənin icma rəhbərinin (gələcəkdə kənd yerlərində qurulmalı yerli özünüidarəetmə orqanı) Ədliyyə Nazirliyinə göndəriləcək ərizəsinə əsasən edilir. Ədliyyə Nazirliyi rədd cavabı verdikdə icma rəhbəri qərarın dəyişdirilməsi üçün Ali Məhkəmənin İnzibati İşlər üzrə Kollegiyasına müraciət edə bilər.
II. Bələdiyyə üzərində seçici. Böyükşəhər bələdiyyələri
Bələdiyyələrin icra və qanunverici orqanları aşağıdakı qaydada formalaşır.
Qanunverici orqana seçkilər proporsional sistem (ən böyük qalıq alt sistem) əsasında keçirilir. Bu orqanda üzvlərinin sayı bələdiyyənin əhatə etdiyi ərazidə yaşayan əhalinin sayına görə dəyişir:
- 10 000 nəfərə qədər olan yerlərdə - 7 üzv
- 10 001 – 20 000 nəfərə qədər olan yerlərdə – 9 üzv
- 20 001 – 50 000 nəfərə qədər olan yerlərdə – 11 üzv
- 50 001 – 100 000 nəfərə qədər olan yerlərdə – 13 üzv
- 100 001 – 150 000 nəfərə qədər olan yerlərdə – 15 üzv
- 150 001 – 200 000 nəfərə qədər olan yerlərdə – 17 üzv
- 200 001 – 500 000 nəfərə qədər olan yerlərdə – 19 üzv
- Bakı – 79 üzv, Gəncə və Sumqayıt – hərəsində 21 üzv.
Bələdiyyə sədrləri birbaşa yerli əhalinin səsverməsi ilə seçilir. Bələdiyyə sədrliyinə seçkilərdə majoritar seçki sistemi (nisbi (sadə) səs çoxluqlu altsistemi) tətbiq edilir.
Qeyd: Böyükşəhər bələdiyyə ərazisində yaşayanlar həm rayon bələdiyyə sədrini, həm də böyükşəhər bələdiyyə sədrini səsvermədə ayrı-ayrı bülletenlər üzrə seçəcək.
Sədr müavinlərinin sayı bələdiyyə ərazisində yaşayan əhalinin sayına görə dəyişəcək:
- böyükşəhər bələdiyyələrində sədr müavinlərin sayı 4-dən artıq,
- əhalisi 200 mindən çox olanlarda 3-dən artıq,
- əhalisi 100-200 min arası olanlarda 2-dən artıq,
- əhalisi 100 mindən az olanlarda isə 1 sədr müavinindən artıq olmamalıdır.
Onlar bələdiyyə məclisindəki siyasi partiya fraksiyası və ya bələdiyyə sədri tərəfindən irəli sürülən namizədlər arasından səs çoxluğu əsasında seçiləcək.
Bələdiyyə məclis üzvləri sədr, sədr müavini və bələdiyyənin digər icra orqanlarında işləyə bilməyəcək.
Bələdiyyələrdə aşağıdakı sahələr üzrə komissiyaların qurulması nəzərdə tutulur:
- Sosial məsələlər üzrə
- İqtisadi, maliyyə və büdcə məsələləri üzrə
- İnfrastruktur və kommunal xidmətlər üzrə
- Nəqliyyat xidmətləri üzrə komissiya (əhali sayı 20 mindən aşağı olan bələdiyyələrdə vacib deyil)
Komissiyaların tərkibi bələdiyyə məclisinin mütləq səs çoxluqlu qərarları ilə formalaşır. Hər komissiya azı 3 nəfər bələdiyyə məclis üzvündən təşkil ediləcək. Sayı 13 üzvdən az olan bələdiyyə məclislərində bir bələdiyyə üzvü bir neçə komissiyada iştirak edə bilər.
Komissiyanın tərkibinə ərazi üzrə QHT nümayəndələri, peşə birlikləri və müvafiq sahənin mütəxəsisləri dəvət edilə bilər. Lakin qərarvermə prosesində yalnız bələdiyyə üzvlərinin səsləri keçərli olacaq.
Əhali sayı 50 mindən çox olan bələdiyyələrdə nəqliyyat xidmləri üzrə komissiyaya bələdiyyənin nəqliyyat departamentinin rəhbəri, Azərbaycan Dövlət Dəmiryollarının həmin yerdəki səlahiyyətli nümayəndəsi, ərazidəki polis idarəsinin dövlət yol polisi xidmətinin təmsilçisi, ərazidə yerləşən ən böyük hərbi hissə komandanlığının nümayəndəsi, arxitektura və şəhərsalma idarəsinin nümayəndəsi, xarici ölkələrdə sərhəddə yerləşən ərazilərdə DSX-nə aid hərbi hissə rəhbərliyindən təmsilçi, Xəzər dənizinə sahil yerlərdə yerləşən yaşayış məntəqələrində dəniz nəqliyyatını həyata keçirən şirkət/qurum nümayəndəsinin iştirakı zəruridir və qərarvermə prosesində onların da rəyi nəzərə alınmalıdır.
Komissiyaların iş qaydası və prosedurları Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən hazırlanıb bələdiyyələrə göndəriləcək.
Bələdiyyələrin icra strukturuna departamentlər və onlara tabe olan şöbələr daxil olacaq. Departamentlər:
- Kommunal xidmət
- İnfrastruktur, abadlaşdırma və ətraf mühitin qorunması
- Nəqliyyat
- Sosial müdafiə və məsələlər
- Maliyyə
- Vətəndaşların qəbulu və sənədləşmə
- İnsan resursları (kiçik bələdiyyələrdə qurulması vacib deyil)
- Hüquq
Böyük bələdiyyələrdə əlavə departamentlərin qurulması da mümkündür.
Bələdiyyələrin nəzarət-təftiş və audit strukturu bələdiyyə məclisinin səs çoxluğu ilə formalaşacaq, aşağıdakı normaya əsasən:
- əhalisi 100 minə qədər olan bələdiyyələrdə 3 üzv,
- əhalisi 100-200 min arası olan bələdiyyələrdə 5 üzv,
- əhalisi 200-500 min olan bələdiyyələrdə 7 üzv,
- böyükşəhər bələdiyyəsində 9 üzv.
Tövsiyə edəcəyik ki, onların azı 1/3-i maliyyə, mühasibatlıq və iqtisadi təhsili olan və müvafiq sahələrdə ən azı 2 il təcrübəsi olan şəxslər olsun.
III. Bələdiyyələrin hüquqi bazası
Bələdiyyələrə dair hüquqi normaların mütləq əksəriyyəti bir aktda – Bələdiyyə Məcəlləsində cəmləşməlidir.
IV. Bələdiyyənin səlahiyyətləri, öhdəlikləri, icra hakimiyyəti ilə qarşılıqlı münasibətləri
Bələdiyyə və digər yerli dövlət orqanı arasındakı səlahiyyət bölgüsündə 3 əsas prinsip təmin edilməlidir:
- İctimai xidmət üzrə siyasətin mərkəzi hakimiyyət yoxsa yerli səviyyədə müəyyən edilməsi unitar dövlətin mahiyyətinə uyğun olmalıdır. Bəzi ictimai xidmətlərdə ölkə üçün vahid standart, siyasət və qaydalar mövcud olduğu üçün onlar mərkəzi hakimiyyətin yerli orqanları tərəfindən həyata keçiriləcık, bunun xaricindəki xidmətlər isə yerli özünüidarəetmə orqanlarının vəsifəsinə aid ediləcək.
- Yerli ictimai xidmətlər oranın əhalisinin maraqlarına uyğun olmalı və sosial faydanı mümkün olan ən yüksək səviyyədə təmin etməlidir. Bu, ölkəmizin qoşulduğu Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyasından irəli gəlir. Orada qeyd edildiyi kimi, yerli xidmətlər yerli əhaliyə ən yaxın olan seçkili orqan tərəfindən həyata keçirilməlidir.
- Yerli ictimai xidmətlərin maliyyələşməsi səmərəli və təsirli olmalıdır.
Bu prinsipləri rəhbər tutanda, bələdiyyələrin, o cümlədən böyükşəhər bələdiyyələrinin müstəsna səlahiyyətləri aşağıdakı ictimai xidmətləri əhatə edəcək, yəni bələdiyyələr bu sahələrin məsuliyyətini daşıyacaqlar:
- Yaşayış məntəqəsində ictimai nəqliyyatın təşkili, o cümlədən şəhərlərarası nəqliyyat üçün avtovağzal işinin təşkil edilməsi;
- Məişət tullantılarının toplanması və yenidən emalının təşkili, o cümlədən küçə və prospekt kimi ictimai yerlərin təmizlənməsi;
- Yaşayış məntəqəsi daxilindəki yolların təmiri və yeni yolların salınması;
- Parkların salınması, yaşıl sahələr və bənzəri abadlıq işlərinin aparılması;
- Ekoloji təmizliyin və biomüxtəlifliyin qorunması, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi, ekoloji tarazlığı pozan idarə, müəssisə və təşkilatlara sanksiyaların tətbiq edilməsi;
- Növbəti il üçün nəqliyyat və şəhər/kənd planını tərtib edərək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməsi. Şəhər/kənd planlaşdırmasının təşkili və bu plana uyğun olaraq yaşayış evlərinin və sosial obyektlərin tikintisinə icazə verilməsi. Bu çərçivədə səyyar ticarət yerlərinin, habelə bazar yerlərinin ayrılması;
- Yanğından mühafizənin və fövqəladə hallar (məsələn təbii fəlakət) üçün nəzərdə tutulan xidmətin təşkili;
- Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilmiş yerli əhəmiyyətli tarixi abidələrin qorunması, təmiri, saxlanılması və muzeylərin işlədilməsi;
- Yerli əhaliyə su satışı və kanalizasiya xidmətlərinin təşkili;
- Elektrik enerjisi satışının təşkili və enerji infrasturkturun təkmilləşdirilməsi;
- Dəfn mərasimlərinin təşkili və qəbirstanlıq yerlərinin salınması
Bələdiyyələr öz müstəsna səlahiyyətlərinə aid olmayan bu ictimai xidmətləri digər dövlət və özəl təşkilatlar ilə birgə həyata keçirə bilərlər:
- Məktəb, uşaq baxçası, teatr, sosial-mədəni obyektlərin inşa edilməsi və bu sahələrdə sosial sahibkarlıq fəaliyyəti;
- Tələbə yataqxanaları, stadionlar, habelə gənclər və idman sahəsində obyektlərin inşa edilməsi və sosial sahibkarlıq fəaliyyəti;
- Əhaliyə səhiyyə xidmətləri göstərəcək binaların və obyektlərin inşa edilməsi və bu sahədə sosial sahibkarlıq fəaliyyəti;
- Əhalinin az təminatlı təbəqələrinə müxtəlif sosial yardımların ayrılması;
- Əhalinin həssas qrupları üçün sığınacaqların tikilməsi, mənzil və evlərin inşa edilməsi, bu sahədə sosial sahibkarlıq fəaliyyəti;
- Respublika əhəmiyyətli tarixi-mədəni-dini abidələrin təmir edilməsi.
V. Bələdiyyələr üzərində dövlət inzibati nəzarəti
Bələdiyyələrin bəzi fəaliyyətləri ancaq müvafiq dövlət orqanların icazəsindən sonra həyata keçiriləcək:
- Növbəti il üçün qəbul edilmiş şəhər/kənd inkişaf planının icrası (Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiqindən sonra);
- Bələdiyyələrin müxtəlif yerlərdən kredit alması (İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyinin icazəsi ilə. Borclanma həddi bələdiyyənin illik büdcəsinə nisbəti ilə müəyyənləşəcək);
- Beynəlxalq donor təşkilatlardan qrant alınması (Ədliyyə Nazirliyinin təsdiqindən sonra);
- İctimai xidmətlərin yerinə yetirilməsi ilə bağlı ayrı bir hüquqi şəxsin yaradılması və buna uyğun büdcənin formalaşdırılması (Ədliyyə Nazirliyi belə addımın əsaslandırmasını təsdiq edəcək);
- İqtisadi və kommersiya münasibətləri istisna olmaqla digər sahələr üzrə xarici ölkələrin bələdiyyələri ilə qardaşlaşma münasibətləriniin və bu qəbildən digər münasibətlərin qurulması (Ədliyyə Nazirliyinin icazəsi ilə).
Bələdiyyənin başqa icraedici və tənzimləyici fəaliyyətindən yaranan mübahisələr yerli inzibati məhkəmələrdə mübahisələndirilə bilər. Bunun xaricində bələdiyyələrin müstəqil fəaliyyətinə dövlətin hər hansı bir orqanı tərəfindən müdaxiləsinə yol verilməyəcək.
VI. Bələdiyyələrin maliyyə qaynaqları
Hazırda yerli ödənişli ictimai xidmətlərin bələdiyyələrin səlahiyyətlərində olmamasına görə, bələdiyyələr bu xidmətlərdən gələn gəlirlərdən məhrumdurlar. Bələdiyyələrə ayrılan maliyyə onların vəzifə və öhdəliklərinin yerinə yetirmələri üçün yetərli olmalıdır. Bələdiyyənin gəlir mənbələrində həm də müxtəliflik təmin edilməli, onun maliyyə müstəqilliyi fakta çevrilməlidir. Bu amilləri nəzərə alaraq, bələdiyyələrin gəlir qaynaqları aşağıdakı kimi formalaşacaq:
1. Xidmətlərdən. İctimai nəqliyyatdan, o cümlədən şəhərlərarası avtovağzalın idarəolunmasından əldə edilən gəlirlər, su satışı xidmətlərindən və elektrik enerjisindən əldə edilən gəlirlər, bələdiyyələr tərəfindən qurulan sosial obyektlər – tələbə yataqxanaları, idman kompleksləri və bənzəri obyektlərdən əldə edilən gəlirlər, məişət tullantılarının yenidən emalından əldə edilən gəlirlər, sosial sahibkarlıq subyektlərindən və avtodayanacaqlardan əldə edilən gəlirlər
2. Vergilərdən:
- Hüquqi şəxslərin mənfəət vergisindən gəlirlərin və fiziki şəxslərin gəlir vergisindən 10%-i. Həmçinin, yol vergisinin 30%-i. Əldə edilən ümumi gəlirin bələdiyyələr və icmalar arasında bölüşdürülməsi ilkin olaraq iqtisadi inkişaf dərəcəsinə görə ölkənin inzibati ərazi vahidləri ən az inkişaf etmişdən ən çox inkişaf etmiş rayonlar olaraq 5 pilləyə bölüşdürülür. Hər pillədə əhali sayı təxminən eyni olmalıdır. Ən az inkişaf etmiş, yəni 5-cı sırada gələn rayonlara ümumilikdə yuxarıda qeyd edilən vergi məbləğinin 24%, inkişaf səviyyəsinə görə 4-cü sırada gələn rayonlar üçün 22%, 3-cü sırada gələn rayonlar üçün 20%, 2-cı sırada gələnələr üçün 18%, ən çox inkişaf etmiş rayonlar üçün isə 16% ayrılır. Bu bölgü prinsipi elə tətbiq ediləcək ki, ərazilərin daha çox inkişaf etməyə stimulları zəifləməsin.
- Əmlak vergisi. İndiki vergilər ləğv ediləcək və hər kvadrat metr mülkiyyətə görə ərazilərin inkişaf səviyyəsi əsas götürülməklə vergi tətbiq ediləcək.
- Torpaq vergisi: Fərdi yaşayış evlərinin yerləşdiyi torpaqların və kənd təsərrüfatı təyinatlı torpaqların hər 100 kvadrat metri üçün illik ayrı vergi dərəcələri tətbiq ediləcək.
3. Rüsum və ödənişlərdən:
- Məişət tullantılarınin daşınması üçün hər mənzildən / fərdi yaşayış evindən aylıq ödəniş, sahibkarlıq subyektləri üçün isə mülkiyyətində və sərəncamında olduğu mülkiyyətin sahəsinə uyğun aylıq ödəniş;
- İstehsal və emal ilə məşğul sahibkarlıq subyektlərindən ətrafa atılan zərərli maddələrin miqdarına görə ekoloji rüsum;
- Mehmanaxana və qonaq evlərindən hər bir çarpayı üçün aylıq rüsum;
- Bələdiyyələrin göstərdiyi müxtəlif ictimai xidmətlərdən yaranan rüsum və ödənişlər, habelə cərimə və sanksiyalar;
4. Digər gəlirlərdən. Fiziki və hüquqi şəxslər tərəfindən ianələr, donor təşkilatları tərəfindən qrant yardımları və dövlət tərəfindən ayrılan subsidiyalar. Subsidiyaların bölüşdürülməsi bələdiyyənin iqtisadi inkişaf tempini mükafatlandıran qaydada aparılacaq.
Borclanma əməliyyatı yerli seçkilərə 1 ildən az vaxt qaldıqda mümkün olmayacaq. Bu məhdudiyyətin məqsədi əldə edilən vəsaitin hesabına ictimai xidmətlərin həcmini çoxaldaraq seçkidə mümkün ola bilən haqsız rəqabətin qarşısını almaqdır.
Bələdiyyə xərcləmələrində əmək haqqı və idarəetmə xərcləri birlikdə büdcənin 30%-ni keçməyəcək.
Vergi, rüsum və ödənişlərdə gecikmə olduğu təqdirdə bələdiyyənin xidmətləri mütənasib ölçüdə dayandırmağa hüququ olacaq.
VII. Bələdiyyələrdə ictimai iştirakçılıq və birbaşa demokratiya mexanizmləri
Bələdiyyə məclisləri təmsilçi demokratiya prinsipləri əsasında qurulacaq. Amma bununla bərabər, bir sıra təsərrüfat məsələlərində bələdiyyələrin yerli rəy sorğusu əsasında qərar verməsi mümkün olacaq. Eyni zamanda, “İctimai İştirakçıklq Haqqında Qanuna” əsasən bələdiyyələrin yanında yerli sivil toplum təşkilatlarından ibarət ictimai şuralar yaradıla bilər, bu təşiklatlara onların ixtisaslaşdığı bəzi xidmətlərin yerinə yetirilməsi qrant müqaviləsi əsasında həvalə edilə bilər.
VIII. Kənd, qəsəbə və məhəllələrdə yerli özünüidarəetmə, onun səlahiyyətləri və maliyyə qaynaqları
Bələdiyyələrin olmadığı yaşayış məntəqələrində yerli özünüidarəetmə orqanları “icma” adlanacaq. İcmalar bələdiyyə qurulmayan kənd və qəsəbələrdə fəaliyyət göstərəcək. İcmalar qəsəbə/kənd icra nümayəndəliklərinin funskiyalarını da həyata keçirəcək. İcmaların aşağıdakı vəzifə və səlahiyyətlərin həyata keçirilməsi nəzərdə tutulur:
- Yaşayış məntəqəsində məişət tullantılarının daşınması;
- Yaşayış məntəqəsindən tabe olduğu inzibati rayon mərkəzinə nəqliyyatın təşkili;
- Su xəttlərinin təmiri və su satışının təşkili;
- Yaşayış məntəqəsinin daxilindəki yolların çəkilişi və təmir edilməsi;
- Əvvəllər yerli icra nümayəndəliklərinə həvalə edilən digər vəzifə və səlahiyyətlər.
Bələdiyyələrin olduğu yerlərdə icmalar daha aşağı ierarxiyada olan yerli özünüidarəetmə orqanı funksiyalarını yerinə yetirir. İcmalar həm yerli özünüidarəetmə orqanı, həm də mərkəzi hakimiyyətin təmsilçisi hesab olunacaq.
İcma başçısı yerli əhalinin majoritar seçki sisteminə əsaslanan sadə səs çoxluğu ilə seçiləcək. İcmanın məclisi müvafiq seçkidə ən çox səs toplamış 5 nəfərdən təşkil ediləcək. İcmaların statusunu və gəlir mənbələrini tənzimləmək məqsədi ilə İcmaların Statusu Haqqında və Kənd Haqqında qanunların hazırlanması nəzərdə tutulur.
Bu bölmə REAL üçün hazırlanan aşağıdakı ekspert qiymətləndirmələrinə əsaslanır: