BƏLƏDİYYƏ QİYMƏTLİ KAĞIZLARI

Respublikaçı Alternativ (REAL) Partiyasının
bələdiyyə və iqtisadi inkişaf haqqında yeni seçkiqabağı təşəbbüsü

(Siyasi Komitənin 5 yanvar 2025-ci il tarixli toplantısında qəbul olunmuşdur)

Qarşıdakı 29 yanvar 2025-ci il bələdiyyə seçkilərinə Respublikaçı Alternativ (REAL) Partiyası iki təşəbbüslə qatılır.

Onlardan birincisi 2021-ci ildə partiyanın saytında dərc edilmiş geniş siyasət sənədində təsvir olunub. Sənəddə bələdiyyələrin iqtisadiyyat və dövlət idarəetməsindəki mövqeyinə strateji baxışımız yer alıb. Onu yalnız REAL partiyasının gələcək hökuməti yerinə yetirə bilər.

İkinci, yeni təşəbbüsümüzü isə indiki hökumətin səlahiyyət müddətində də icra etmək mümkündür. Aşağıda onun konseptual əsasını təqdim edirik. Detalların hökumətlə müzakirəsinə hazırıq.

Son illərdə Azərbaycan hökuməti xarici borcun təxminən 5 milyard dollar artırılması üçün beynəlxalq maliyyə təsisatları ilə davamlı danışıqlar aparır. Xarici borcun hazırda aşağı olması strateji inkişaf layihələrinə güzəştli şərtlərlə uzunmüddətli kreditlərin alınması üçün yaxşı şərait yaradıb. Lakin, hələlik beynəlxalq maliyyə təsisatları tərəddüd içindədir, çünki Azərbaycan iqtisadiyyatı neft-qaz gəlirləri eyforiyasından çıxmadığı üçün onun sağlamlığının hətta yaxın perspektivi inandırıcı görünmür.

Bundan başqa, hökumət indiyə qədər olduğu kimi, ancaq özünün mərkəzləşdirilmiş qaydada hazırladığı layihələrinə vəsait cəlb etmək istəyir. O cür layihələrə iqtisadiyyatın həqiqi ehtiyacı varmı? Təkcə ekspertlərə və bürokratiyaya əsaslanan qərarlar çox vaxt özünü doğrultmur. Bu da tərəddüdün əlavə amilidir.

REAL partiyası hesab edir ki, yeni xarici borcun təxminən yarısı əvvəlki qaydada deyil, bələdiyyə borc kağızları şəklində cəlb edilməlidir.

Bir sıra qanun dərindən dəyişdirilsə, bələdiyyə borc kağızları Azərbaycanın uyğun birjasında sərbəst dövriyyəyə buraxılar və istənilən yatırımçı tərəfindən bazar qiymətinə, məhdudiyyətsiz alınıb-satılar.

Tam həcmdə yerinə yetiriləcəyi təqdirdə bu konsepsiyanın Azərbaycan üçün yaradacağı iqtisadi və siyasi üstünlüklər aşağıdakı kimidir:
- Bələdiyyələr ayrı-ayrılıqda və ya birgə şəkildə yerli iqtisadi məqsədlər üçün dünya maliyyə bazarından vəsait cəlb edə biləcək;
- Ölkənin bölgələri arasında qlobal bazarın maliyyə resursları uğrunda qurucu rəqabət yaranacaq;
- Bu rəqabət bələdiyyə üzvlərinin peşəkarlığına və məsuliyyətinə həm seçicilərin, həm də mərkəzi hökumətin tələbkarlığını artıracaq;
- Ciddi layihələr üçün yetərli olmayan mərkəzləşmiş ayrıma və qrantlardan asılılıq bələdiyyələrdə azalacaq, yerli hakimiyyət həqiqi iqtisadi subyektə çevriləcək; 
- İqtisadi layihələrin seçilməsi haqqında qərarları siyasi hakimiyyətin maraq və xəyallarından çox sərbəst bazar yönəldəcək;
- Mürəkkəbləşmiş qərarvermə sistemi siyasi hakimiyyətin demokratik sorumluluğunu gucləndirəcək;
- Ölkədə fond birjasının inkişafına nəhayət həlledici təkan yaranacaq;
- Kommersiya mahiyyətli bu layihələrin icrasına ayrı-ayrı dövlət qurumlarının subyektiv müdaxiləsi siyasi baxımdan çox baha olar deyə, belə qurumların biznesə münasibətində daha sivil mədəniyyətin formalaşması prosesi başlayacaq;
- Yerli yatırımçılar üçün yeni və hərəkətli aktiv növü yaranacaq, beləliklə də ənənəvi aktivlərdə boş-boşuna oturmaq əvəzinə onların vəsaiti yeni dəyərin yaradılmasına işləyəcək;
- Mərkəzi Bankın pul-kredit siyasətinə dair qərarlarını siyasi hakimiyyətin istəklərindən çox iqtisadi gerçəklik diqtə edəcək;
- Xarici və daxili dövlət borcunun strukturunda korrupsiyanın mümkün payı azalacaq;
- Uzun fasilədən sonra bu struktur islahatı iqtisadi irəliləyiş üçün yeni lokomotiv yaradaraq ölkənin neft-qaz gəlirlərindən asılılığını azaldacaq.

Bələdiyyələrin borc kağızları buraxması və onların Azərbaycan birjasında dövr etməsi üçün bir çox qanuna dəyişikliklər edilməlidir.

Bunlardan ən vacibi bələdiyyənin götürə biləcəyi borcun həcm və müddətinə obyektiv həddin qoyulması qaydasına aiddir. Bu hədd bürokratik və siyasi özbaşınalıqdan asılı olmalı deyil. Onun parametrlərini təyin edən amillər qanunda aydın ifadə olunmalıdır.

Borclanmanın əsasını təşkil edən iqtisadi layihənin bələdiyyə tərəfindən seçilməsində yerli əhalinin iştirakçılığı təmin olunmalıdır. Hər hansı layihə seçkidə qələbə qazanmış bələdiyyə heyətinin seçki platformasında səsvermədən öncə yer tapmamışdısa, yerli əhəmiyyətli rəy sorğuları keçirilməlidir.

Borclanmaya səbəb olan bələdiyyə layihələrinin bir-birinə əngəl yaratmaması və ya qanunvericilik prosesinin belə layihələri çox da zədələməməsi üçün mərkəzi hökumətin üzərinə siyasi öhdəliklər qoyan normalar müəyyən edilməlidir.

Qanunların tənzimləyici yükü borc üzrə layihələrin hazırlanması işinə həddindən artıq xərc və ya digər əngəl yaratmamalıdır. Əks təqdirdə, belə layihələri heç tərtib etmək mümkün olmayacaq.

Beynəlxlaq maliyyə təsisatları və Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi bu cür struktur islahatına dəstək olmaqda tərəddüd etsə, Türkiyənin uzun müddətli təcrübəsindən faydalanmaq üçün Türkiyə Cümhuriyyətindən texniki yardım istənilməlidir.

Bizim gözləntiyə əsasən, 2025-ci il ərzində lazımi qanun və qaydaları hazırlayıb qəbul etmək, 2026-ci ildən isə bu proqramın tam həcmli icrasına başlamaq mümkündür.